Bakı. 31 yanvar. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində Vasif Məmmədovu qətlə yetirməkdə, qardaşı Asif Məmmədovu isə bıçaqlamaqda təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
“Report”un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində baş verib. Məmmədov və Yusifovlar (onlar qohumdur) arasında borc üstündə düşən dava qətllə nəticələnib. Belə ki, qəsəbə sakini 25 yaşlı Vüqar İsmayıl oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər. Abşeron Rayon Polis Şöbəsində istintaq apırılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.
Xatırladaq ki, Vüqar və Zülfüqar Yusifov qardaşları Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.1-ci (qəsdən adam öldürmə cəhd) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkəmənin hökmü ilə hər iki qardaş 12 il müddətinə azadlıqdan məhrum edilib.