Bakıda qızı keçmiş kürəkəni tərəfindən yandırılaraq öldürülən qadın məhkəmədə dindirilib

Bakıda qızı keçmiş kürəkəni tərəfindən yandırılaraq öldürülən qadın məhkəmədə dindirilib Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
19 Oktyabr , 2018 16:36
Bakıda qızı keçmiş kürəkəni tərəfindən yandırılaraq öldürülən qadın məhkəmədə dindirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Samir Abdullayev ifadə verib. 

O bildirib ki, hadisə baş verən mağazada işləyib və həmin gün də orada olub: "Həmin vaxt Məsud əlində bir şüşə ilə içəri daxil olub mərhumun üstünə qaçdı. O, qadının boğazından tutub üzünə benzin tökdü. Mən qaçıb onu ayırmaq istədim, lakin imkan vermədi. Biz ora polis çağırdıq. Bu zaman o, əlindəki alışqanla qadının üzünü yandırdı. Daha sonra Məsud çölə çıxdı, biz də yanğını söndürürdük. Həmin zaman yanğın çox alovlanırdı".

Daha sonra mərhum Aytəkin Müzəffərovanın anası Zülfiyə Dadaşova şahid qismində dindirilib. O qeyd edib ki, qızı keçmiş kürəkəni M.Müzəffərovla nişanlı olan gündən döyülüb: "Məsud onu həmişə döyüb, təhqir edib. Qızımın 2 dəfə uşağı tələf oldu. Neçə dəfə onlar boşanma həddinə çatıblar. Lakin Məsud gedib, qohumlarını gətirib yalvarırdı. O, qızımı evinə aparanda yenə döyürdü. Aytəkini Rusiyaya aparanda orada onu yenə döyüb, təhqir edirdi. Sonra qızım ondan boşandı".

O deyib ki, mərhum qızı A.Müzəffərova keçmiş kürəkəni M.Müzəffərovdan qorxuduğu üçün Türkiyəyə qaçıb: "Orada bir qadının evində qalıb, sonra işləyəcəkdi. Bir müddət keçəndən sonra Bakıya gəldi".

Məhkəmənin növbəti iclası oktyabrın 26-na təyin edilib. 

Qeyd edək ki, hadisə bu il aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazada baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına benzin tökərək yandırıb. Nəticədə qadın dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi