Bakıda qıza görə 25 yaşlı oğlanı öldürən şəxs: "O, saymazyana çıxıb getmək istədi"

Bakıda qıza görə 25 yaşlı oğlanı öldürən şəxs: "O, saymazyana çıxıb getmək istədi" Məhkəmənin baxış iclası sentyabrın 16-na təyin edilib
Hadisə
12 Sentyabr , 2016 13:21
Bakıda qıza görə 25 yaşlı oğlanı öldürən şəxs: O, saymazyana çıxıb getmək istədi

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxs vəkillərin suallarını cavablandırıb.

O, ifadəsi zamanı əməlindən peşman olduğunu deyib. K.Həsənzadə bildirib ki, hadisə günü yaşadığı məhəllədə dostları ilə birgə olub: "Nazim Ələkbərov qızı yola salıb blokdan çıxanda ona yaxınlaşdım. Nazimə mədəni və normal şəkildə özümü təqdim edəndən sonra bildirdim ki, bu binada yaşayıram. Etdiyi hərəkətə görə Nazimə iradımı desəm də, o, saymazyana çıxıb getmək istədi. Bundan sonra onunla mübahisəmiz düşdü".

K.Həsənzadə mübahisə nəticəsində hər iki şəxs arasında dava düşdüyünü deyib: "O, əvvəl məni döydü. Ağzım və burnum qan içində idi. Nazim maşından silah götürməyə getdiyini deyəndə, mən də maşının baqajında olan bıçağı götürüb, belimə qoydum. Daha sonra mənə yenidən zərbələr endirdi deyə, onu bıçaqla vurdum".

Təqsirləndirilən şəxs vurğulayıb ki, hadisə nəticəsində onun dostları yaralını xəstəxanaya aparıb. O, hadisədən sonra cinayət törətdiyini atasına dediyini bildirib.

Məhkəmənin baxış iclası sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayının 29-da Bakının Nərimanov rayonunda baş verib. Paytaxt sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov qarın nayihəsindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Baş verən cinayət hadisəsilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində dərhal araşdırmalara başlanılıb. Araşdırmalar zamanı qətldə şübhəli bilinən 1991-ci il təvəllüdlü K.Həsənzadə saxlanılıb.

O, ilkin dindirilmə zamanı qətli qız üstündə törətdiyini bildirib. Belə ki, N.Ələkbərov sevdiyi qızla onların məhəlləsində dayanıb, söhbət edib. Bu zaman K.Həsənzadə oğlana irad tutub. Nəticədə aralarında münaqişə başlanıb. Münaqişə zamanı K.Həsənzadə bıçağa əl ataraq, cinayət törədib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi