Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər dindirilib

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər dindirilib Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı şəxsi öldürməkdə təqsirləndirilən Əli Abbasovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.
Hadisə
21 oktyabr 2022 14:01
Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər dindirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı şəxsi öldürməkdə təqsirləndirilən Əli Abbasovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda Nahid Piriyev bildirib ki, hadisənin baş verdiyi idman zalında işləyib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslə mərhum Bəxtiyar Nəsibov arasında münaqişə tərs-tərs baxması üstündə olub: "Zalda hamı məşq edən zaman anidən dava yarandı. Mərhum Bəxtiyarın Əli ilə əlbəyaxa olduğunu görəndə aralamağa çalışdım. Mərhumun qardaşı Vüsal da orda idi. Bəxtiyarın Əliyə şillə vurduğunu gördük və onları sakitləşdirdik. Əli çölə siqaret çəkməyə çıxdı. Daha sonra bu hadisə baş verdi".

Digər şahid Əli Mustafayev də ifadə verib. O da hadisə zamanı həmin idman zalında olduğunu söyləyib: "Əlinin idman çantasını dərhal yığıb zaldan çıxdığını gördüm. Mən də geyinib-keçinmə otağında idim. Ordan çıxanda gördüm ki, mərhum Bəxtiyar yerdə uzanıb, qardaşı Vüsal isə baş ucundadır. Mən də tez telefonu götürüb təcili tibbi yardıma zəng etdim. Zaldakılar isə dedi onu Əli vurub. Mən Əlinin sonradan qayıtmağını görməmişəm".

Daha sonra şahid Elşən Nağıyev dindirilib. O, təqsirləndirilən şəxslə bir məhlədə qaldığını və hadisə zamanı zalda məşq etdiyini vurğulayıb: "Zalda birdən ara qarışdı. Dava olan zaman bildim ki, mərhum Bəxtiyarla Vüsal qardaşdırlar. Biz birinci epizodda Əli ilə Bəxtiyarı dalaşanda araladıq və maksimum sakitləşdirməyə çalışdıq. Bir müddət keçmişdi ki, yerdə qan olduğunu gördüm".

Xatırladaq ki, martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, Nəsibov Bəxtiyar Əli oğlu idmançı olub.

Son xəbərlər

Orphus sistemi