Bakıda qaynını xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakıda qaynını xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası mayın 11-nə təyin edilib
Hadisə
4 May , 2017 12:55
Bakıda qaynını xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Naxçıvan şəhərində anadan olduğunu deyən T.Fərəcov hadisədən əvvəl kombi ustası kimi fəaliyyət göstərib: "İki uşağım var. Əvvəllər məhkum olunmamışam".

Məhkəmənin baxış iclası mayın 11-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvar ayının 4-də baş verib. Naxçıvan şəhər sakini T.Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.

Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən R.Cəfərovla hadisəni törədən T.Fərəcov qayın-yeznə olub.

Yanvarın 4-də bayramlaşmaq üçün bacısıgilin Xətai rayonunda kirayə yaşadığı mənzilə gələn 35 yaşlı R.Cəfərov burada yeznəsi T.Fərəcovla dalaşıb. İçkili vəziyyətdə olan R.Cəfərovun sakitləşmədiyini görən T.Fərəcov onu bıçaqlayaraq öldürüb.

T.Fərəcov ilkin istintaq zamanı qaynını söyüş söydüyünə görə vurduğunu deyib. Hadisə vaxtı R.Cəfərovun bacısı da evdə olub.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törəldildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi