Bakıda qaynını tüfənglə vuran şəxsin cəzası azaldılıb

Bakıda qaynını tüfənglə vuran şəxsin cəzası azaldılıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
15 Fevral , 2017 09:58
Bakıda qaynını tüfənglə vuran şəxsin cəzası azaldılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Fəsədovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, M.Fəsədovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib.

Qeyd edək ki, ötən il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn yeznəsi, qəsəbə sakini M.Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.

M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi