Yuxarı

​Bakıda qardaşını öldürən şəxsə hökm oxunub

Elxan Həbibov 16 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elxan Həbibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Həbibov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında E.Həbibovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi 3 ünvanında baş verib. 45 yaşlı E.Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib. Mübahisə zamanı E.Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Ə.Həbibovun başına armatur parçası ilə də dəfələrlə zərbə vurub. Nəticədə 43 yaşlı Ə.Həbibov hadisə yerində dünyasını dəyişib. Qardaşını amansızlıqla qətlə yetirən E.Həbibov saxlanılıb. Nərimanov Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluqdan, həmçinin E.Həbibovun ruhi xəstə olduğu bildirilib. Onun qətlə yetirdiyi qardaşının da psixi problemləri olub. Həmin şəxslərin daha bir qardaşı isə bir neçə il əvvəl özünü yaşadıqları mənzilin eyvanından ataraq intihar edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi