Bakıda əri qardaşı tərəfindən öldürülən qadın ifadə verib: "Mahirin pulu olmadığı üçün məni ona vermək istəmədilər"

Bakıda əri qardaşı tərəfindən öldürülən qadın ifadə verib: "Mahirin pulu olmadığı üçün məni ona vermək istəmədilər" Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib
Hadisə
25 Aprel , 2017 13:47
Bakıda əri qardaşı tərəfindən öldürülən qadın ifadə verib: Mahirin pulu olmadığı üçün məni ona vermək istəmədilər

Bakı. 25 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Quliyevin atası Qəmbər Quliyev şahid qismində ifadə verib.

O, dindirilən zaman oğlu N.Quliyevin bacısı oğlu Mahir Quliyevi öldürdüyünü bildirib: "Hadisələrin bura gələcəyinə inanmazdım. Qızım Mahirə qoşulub qaçandan sonda hamı sakit durdu. Nurlan isə bunu bağışlaya bilmirdi. Deyirdi ki, "bacı mənim qeyrətimdir". O, namusunun kirləndindiyini söylədi. Oturub onunla saatlarla söhbət elədim. Dedim ki, Mahirlə işin olmasın qohumuq. Mən Mahirə qız verilməsini məsləhət bilməmişdim. Qızımın "hə"sini başqasına verdik. Sonra isə qızım qaçıb getdi".

Daha sonra təqsirləndirilən N.Quliyevin bacısı Mərziyə Quliyeva dindirilib. O, qətlə yetirilən M.Quliyevi sevdiyini, öz istəyi ilə ona qoşulub qaçdığını deyib: "Mahirin pulu yox idi. Ona görə də məni ona vermirdilər. Könüllü ona qaçdım. Bundan sonra Nurlan bizə gəlib Mahirlə görüşdü. Əvvəllər hər iki ailə arasında kin-ədavət yox idi. Məni başqasına vermək istəyirdilər. Həmin oğlanın ailəsini tanımırdım. Deyilənə görə, mən qaçandan sonra atam məndən imtina edib. Biz barışmaq istəyirdik. Hazırda öz valideyinlərimlə birgə qalıram. Evdə balaca qardaşım imkan vermir, məni incidir".

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentaybrın 26-da Sabunçu rayonunun Pirşaği qəsəbəsində baş verib. 21 yaşlı N.Quliyevin dayısı oğlu Mahir Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb. N.Quliyev M.Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. N.Quliyev həmin ərazidə dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə endirib və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib. Hadisədən sonra N.Quliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi