Bakı. 2 may.
"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədə iştirak etməyiblər. Bu səbəbdən məhkəmə prosesi mayın 10-dək təxirə düşüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.
R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışda olub.
Daha sonra onun barəsində aparılam istintaq dövründə onunla cinayət iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib
Xatırladaq ki, Rüfət Əmirov “Rafet Əlibayramlinski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşıdır. “Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.