​Bakıda qadının evinə silahlı basqın edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda qadının evinə silahlı basqın edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası iyunun 2-nə təyin edilib
Hadisə
20 may 2016 06:46
​Bakıda qadının evinə silahlı basqın edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 20 may. REPORT.AZ/ Bakıda qadının evinə silahlı basqın etməkdə təqsirləndirilən Nahid Balaxan oğlu Rəziyev, Samid Eldar oğlu Tahirov və Elnur İmanxan oğlu Muradovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. 

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Bakıda evə basqın edən maskalı silahlı şəxsləri zərərsizləşdiriblər. İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri - N.Rəziyev, S.Tahirov və Lerik rayon sakini E.Muradov şübhəli şəxs qismində tutulublar.

Araşdırmalarla müəyyən edilib ki, N.Rəziyevin başçılıq etdiyi dəstənin üzvləri soyuq silah və maska əldə edərək Şüvəlan qəsəbəsi Bağlar massivində yaşayan Şövkət Əli qızı Həşimovanın evinə giriblər. Onlar qadına zor tətbiq edərək pul və qızıl tələb ediblər. Qadın qışqıraraq qonşuları çağırıb. Bundan sonra dəstə üzvləri evi tərk ediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunublar.

Bu il mart ayının 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tahirov 10 il, N.Rəziyevlə E.Muradovun isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. 

Son xəbərlər

Orphus sistemi