Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsa İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim İbrahim İbrahimlinin icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında Xətai rayonu Nobel prospektində baş verib. Minik avtomobili yolu keçmək istəyən piyada, 1994-cü il təvəllüdlü Zeynalova Gülnisə Səyavuş qızını vurub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törədən İ.İsayevə Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.