Yuxarı
    Bağlamaq

    Bakıda polis maşınını çəkiclə sındıran şəxsə hökm oxunub

    Şahin Bəylərov 9 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə sındıran Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Ş.Bəylərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, ötən il fevral ayının 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nərimanov rayonunun G.Qədirbəyova küçəsində əvvəllər məhkum edilmiş Ş.Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.

    O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi