​Bakıda polis əməkdaşlarına atəş açmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

​Bakıda polis əməkdaşlarına atəş açmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin edilib
Hadisə
3 Noyabr , 2015 17:55
​Bakıda polis əməkdaşlarına atəş açmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarını öldürməyə cəhddə təqsirləndirilən 1989-cu il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahidlər İmdad Əliyev və Vüqar Babayev ifadə verib.

E.Məmmədov ifadəsində heç bir polisə atəş açmadığını deyib: "Mən heç bir polis əməkdaşına atəş açmamışam. Yanvar ayının 22-də evimizdə yatarkən məni polislər gəlib aparıblar. Həmin gün evimizdən başqa heç bir yerdə olmamışam. Dekabr ayının 9-da isə kənddə dayımgildə ad günümü keçirmişik. Cinayət işi düzgün aparılmayıb. Ötən prosesdə ifadə verən polislər deyir ki, guya mən qayışsız avtomatla 8 polisin hamısına atəş açmışam. Burada sual ortaya çıxır: 8 polisin hamısına atəş açmışamsa, bəs niyə yerdə 4 güllənin gilizi var idi?! Guya mən hadisə günü mebel salonunun qarşısında olmuşam. Bəs kamera görüntüləri niyə ortada yoxdur?! Mən izahatı məcburi vermişəm. İzahat yazmamışdan əvvəl isə vəkilim mənə deyir ki, "sən məni pis vəziyyətdə qoyursan". Axı belə olmaz. Mənə məhkəmədən heç bir bildiriş gəlməyib".

Bakı Şəhər Baş Polis İdarəsinin Baş Əməliyyatçı Şöbəsinin əməkdaşı olan İ.Əliyev dindirilən zaman E.Məmmədovun hadisə yerində istifadə etdiyi deyilən silahın təqsirləndirilən şəxsin mənzilində olmadığını bildirib: "Atışma zamanı orada olmamışam. İşə sonradan qoşuldum. Elvin bizi qeydiyyatda olduğu Xızı rayonunun Giləzi kəndinə apardı ki, hadisə yerində istifadə etdiyi avtomat evin zirzəmisindədir. Aparılan axtarış zamanı isə silahı tapmaq mümkün olmadı. Elvin zirzəmiyə girib dedi ki, silahı kimsə bizdən əvvəl götürüb".

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşı V.Babayev isə bunları deyib: "Hadisə günü idarəyə silahlı şəxsi götürməklə bağlı məlumat daxil oldu. Biz də gedib Elvini evlərindən götürdük. Daha sonra Xızıya Elvinin avtomatın yerini söyləyəcəyi yerə getdik. Zirzəmidə silah tapılmadı və o dedi ki, avtomatı kimsə bizdən əvvəl götürüb".

E.Məmmədov isə bildirib ki, V.Babayevi yalnız onu evdən aparan polis əməkdaşlarının yanında görüb.

Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin edilib.

Qeyd edək ki, Elvin Məmmədov əvvələr oğurluq hadisəsi törətdiyi üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun barəsində seçilmiş şərti cəza həbs qətimkan tədbiri ilə dəyişdirilib.

Hazırkı iş üzrə ittiham aktına əsasən, E.Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinin 8 əməkdaşına avtomatla atəş açıb. 

Son xəbərlər

Orphus sistemi