Bakıda özlərini jurnalist kimi təqdim edən iki nəfər məhkəmə zalında həbs olunub

Bakıda özlərini jurnalist kimi təqdim edən iki nəfər məhkəmə zalında həbs olunub Onlar çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər
Hadisə
25 Noyabr , 2015 11:41
Bakıda özlərini jurnalist kimi təqdim edən iki nəfər məhkəmə zalında həbs olunub

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla məşğul olmaqda təqsirləndirilən Şahin Orucov və Cəlil Səmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərin hər ikisi məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Ş.Orucov və C.Səmədov Sumqayıt şəhəri ərazisində yerləşən “Metallurq” adlı kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək videogörüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Ş.Orucov “Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi, C.Səmədov isə “Korrupsiya və qanun” qəzetinin baş redaktorunun müavini olduğunu bildirib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar.

Ş.Orucov əvvəllər xuliqanlıq maddəsi ilə məhbusluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi