Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində orta məktəb müəlliminə qarşı quldurluq etməkdə təqsirləndirilən Əziz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə Ə.Səmədov özünü qismən təqsirli bildiyini söyləyib. O, quldurluq cinayəti törətmədiyini bildirib: "Özümü soyğunçuluqda təqsirli bilirəm, quldurluq etməmişəm. Mən həmin qadını yerə yıxıb, sürüməmişəm. Qadının əlindən çantanı alanda o, özünü yerə atdı. Hadisədən bir gün əvvəl paytaxta qohumumun yas mərasiminə gəldim. Geri qayıtmağa pulum olmadığı üçün cinayətə əl atdım. Şeytan məni yoldan çıxartdı".
Məhkəmənin növbəti iclası iyunun 12-nə təyin edilib.
İttiham aktına əsasən, ötən ilin sentyabrın 26-da Yasamal rayonunda 173 saylı orta məktəbin qarşısında Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Nazilə Quliyeva quldurluqla üzləşib.
Naməlum şəxs N.Quliyevaya hücum edərək, onun əlindəki çantanı almaq istəyib. Amma N.Quliyeva çantasını ona verməyib. Bu zaman həmin şəxs qadını yerə yıxaraq əlindəki çantanı alaraq qaçıb. Çantada N.Quliyevaya məxsus telefon, pul və plastik bank kartı olub. N.Quliyeva həmin vaxt aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və hər iki çanaq sümüyünün sındığı məlum olub.
Daha sonra polis əməkdaşları Yevlax rayon sakini Ə.Səmədovu tutub.
O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, hadisə baş verən vaxtı N.Quliyeva orta məktəbdə müəllim işləyirdi.