Bakıda öldürülən gəncin anası apellyasiya şikayəti verib

Bakıda öldürülən gəncin anası apellyasiya şikayəti verib Qətlə yetirlmiş şəxsin anası hökmlə heç cür razılaşmır və həmin hökmdən apellyasiya şikayəti verib
Hadisə
16 Avqust , 2017 17:49
Bakıda öldürülən gəncin anası apellyasiya şikayəti verib
Report.az

Bakı. 16 avqust. REPORT.AZ/ Bakıda adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun barəsində olan hökmdən zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.

Bu barədə "Report"a zərərçəkmiş Ülviyyə Məlikovanın qanuni nümayəndəsi Nüşabə Əhmədova bildirib.

Onun sözlərinə görə, avqustun 1-də KİV-də Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə iclasının başa çatdığı barədə məlumat yayılıb: "Məlumatda bildirilirib ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə zərərçəkmişin anasının onu bağışlamasını və Mirismayıl Hüseynovun azyaşlı olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alıb. Buna görə də Mirismayıl Hüseynov 5 il müddətinə azadlqdan məhrum edilib. Məsələ burasındadır ki, ana öz oğlunun qatilini əsla bağışlamayıb. Mərhumun ailəsi əmin olub ki, Mirismayılın hadisəni törətdiyi vaxt yetkinlik yaşına çatmadığını yüngülləşdirici hal kimi nəzərə alınarsa belə, ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsindən nəzərdə tutulan cəza tətbiq olunacaq və ən azı 9 il müddətinə azadlıqdan məhrum ediləcək. Lakin sonda məlum oldu ki, məhkəmə Cinayət Məcəlləsinin 62.1-ci maddəsini ("Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi") əsas götürərək, təqsirkarın barəsində 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayətkarın barəsində çıxarılan hökmün bu dərəcədə humanist olması isə mərhumun yaxınlarını hiddətləndirmişdir. Həmin maddənin birinci bəndində ehtiva olunur ki, "Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər".

N.Əhmədova qeyd edib ki, cinayət işi üzrə ibtidai istintaq müəyyən edib və elə məhkəmə də həmin nəticəyə gəlib ki, təqsirkar zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində sinir gərginliyi vəziyyətində olub və cinayət əməli törədib. Halbuki təqsirkar və zərərçəkən arasında baş tutan telefon mesajlaşmaları, danışıqlar arasında keçən vaxt intervalı birincinin mübahisəni həll etmək üçün daha məqbul qərarlar qəbul etməsi üçün yetərli idi. Məhkəmə Mirismayılın cinayəti törətdikdən sonra polisə gedərək cinayət törətdiyini səmimi etiraf etməsini də yüngülləşdirici hallardan biri kimi nəzərə alıb. Halbuki, Mirismayıl qanunla hesablaşan vətəndaş idisə, özbaşına hökm çıxarmazdan qabaq Əliəkbərin hərəkətlərindən polisə şikayət edə bilərdi. Axı o, orta-ixtisas təhsili müəssisəsinin tələbəsi olduğundan ən zəruri həddə hüquq düşüncəsinə malik olmuşdur. Göründüyü kimi, Mirismayıl qətli törətmək üçün xeyli hazırlaşıb, həmin məqsədlə görüşə gedərkən özü ilə bıçaq götürüb, bir sözlə, qəsdən ağır cinayət törədib. Qətlə yetirlmiş şəxsin anası Ülviyyə Məlikova Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə heç cür razılaşmır və həmin hökmdən apellyasiya şikayəti də verib".

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib. M.Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. Daha sonra qısqanaraq Ə.Muxtarovla haqq-hesab çəkmək qərarına gəlib. O, daha sonra başqa qız adı ilə profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Bir ay sürən danışıqlardan sonra nəhayət ki, onu görüşməyə razı sala bilib. “Memar Əcəmi” metrostansiyasının qarşısında baş tutan görüşləri zamanı tərəflər arasında mübahisə düşüb və M.Hüseynov Ə.Muxtarovu bıçaqlayaraq qətlə yetirib.

Onu da əlavə edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

Son xəbərlər

Orphus sistemi