​Bakıda namus üstündə həmyerlisini öldürən şəxsin apellyasiya şikayətinə baxılıb

​Bakıda namus üstündə həmyerlisini öldürən şəxsin apellyasiya şikayətinə baxılıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
23 Noyabr , 2015 09:24
​Bakıda namus üstündə həmyerlisini öldürən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayevin barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Cinayət Axtarış İdarəsi, Sabunçu rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də saat 21:45 radələrində, Maştağa qəsəbəsi Çiləgər yaşayış massivində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Namiq Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Mustafayev tutulub. E.Mustafayev istintaqa verdiyi ilkin ifadəsində cinayəti törətdiyini etiraf edib. Daha sonra məlum olub ki, cinayət hadisəsi namus üstündə törədilib. Belə ki, bir müddət əvvəl E.Mustafayevin qardaşı vəfat edib və N.Əliyev onun mərhum qardaşının dul qalan arvadı ilə intim münasibət qurub. Bundan xəbər tutan E.Mustafayev isə onu öldürüb.

Sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunan E.Mustafayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi