Yuxarı
    Bağlamaq

    Bakıda namus üstündə arvadını amansızcasına öldürən şəxs məhkəmədə ifadə verib

    Həyat yoldaşımdan şübhələnirdim

    Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əkbər Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    "Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    Elan olunmuş ittiham üzrə Ə.Quliyev özünü təqsirli hesab etmədiyini bildirib. O sərbəst ifadə verərkən qeyd edib ki, əməlindən peşman deyil: "Biz Firuzə ilə 25 ildir evli idik. Onu namus üstündə qətlə yetirdim. Əvvəlcə ondan şübhələndim, sonra sübuta yetirdim. Buna görə də həyat yoldaşımı qətlə yetirdim".

    Daha sonra təqsirləndirilən şəxsin qızı Aytac Əhmədova və oğlu Taleh Quliyev dindirilib. Hər iki şəxs ifadəsində atalarının yalan danışdığını söyləyib. T.Quliyev atası, təqsirləndirilən Ə.Quliyevin həmişə qumar oynadığını vurğulayıb: "Atam yalan danışır, anam haqqında böhtan atır. Onu anamı öldürdüyünə görə bağışlamıram. Atama ağır cəza verilməsini tələb edirəm. Mənim elə atam yoxdur".

    Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.

    Qeyd edək ki, hadisə bu il mart ayının 24-də Bakının Yasamal rayonu ''Qanlıgöl'' ətrafında baş verib. Həmin ərazidə kirayədə yaşayan 43 yaşlı Ə.Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib.

    Cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ə.Quliyev könüllü polisə gələrək, istintaqa təslim olub.

    İlkin dindirmələr zamanı saxlanılan şəxs bildirib ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu deyərək, ərinə ''işinlə məşğul ol'' söyləyib. Həyat yoldaşının etinadsızlığını qəbul edə bilməyən Ə.Quliyev hiddətlənərək bıçaqla arvadının bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməyə başlayıb.

    O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi