Bakıda müğənniləri hədələyib pulunu alan şəxslər özlərini qismən təqsirli biliblər

Bakıda müğənniləri hədələyib pulunu alan şəxslər özlərini qismən təqsirli biliblər Prosesdə prokuror ittiham aktını elan edib
Hadisə
11 May , 2017 17:49
Bakıda müğənniləri hədələyib pulunu alan şəxslər özlərini qismən təqsirli biliblər

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Şeron" musiqi qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Ramin Nağdəliyev ittiham aktını elan edib.

E.Bağırov elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib. O, tanımadığı nömrədən ona zəng gəldiyini söyləyib: "Sonra zəng edən şəxsin Ramin Qasımov olduğunu bildim. O, məndən Tahiri soruşdu. Həmin vaxt Tahirdə mənim yanımda idi. Buna görə də telefonu Tahirə verdim. Ramin Qasımovdan pul tələb etməmişəm. Ondan da kiminsə pul tələb etməsinin şahidi olmamışam".

O, 2017-ci ilin yanvarın 6-da 7-ci mikrorayonda çay evində R.Qasımovla görüşdüyünü deyib: “Orada görüşməkdə məqsədimiz Tahir ilə Ramini barışdırmaq idi. Amma az sonra polislər ora gəldi və bizi tutaraq polis bölməsinə apardılar. Bundan əvvəl də Ramin və İntizar Məmmədovu Tahirin toy məclisində görmüşdüm. Sonradan bildim ki, Ramin və İntizarın Tahirlə aralarında mübahisə olub. Onların arasında hansı mübahisənin olmasının şahidi olmamışam".

Digər təqsirləndirilən Vazeh Bağırov ittiham üzrə özünü qismən təqsirli bilib və istintaqa verdiyi ifadəsini təsdiqləmədiyini qeyd edib. O, heç bir cinayətdə iştirak etmədiyini söyləyib: "Toya getdiyimə görə, özümü təqsirli bilirəm. Heç kimlə mübahisə etməmişəm". O, ifadəsində “Lotu Namiq” və “Talış İlqar” ləqəbi ilə tanınan şəxsi tanımadığını bildirib.

Zərərçəkmiş Ramin Qasımov dindirilərkən qeyd edib ki, 2013-cü ildə Rəşad Əhmədovun yaratdığı “Şadan” qrupunun üzvü olub: “Qrupun inkişaf etməsi üçün pul lazım idi. Buna görə də Rəşad razılıq əsasında atasına məxsus səsyazma studiyasını satdı və pulunu qrupun reklam və digər xərclərinə qoydu. Toylarda qazanılan pullardan 15 min manatı Rəşad Əhmədova ödənilib. Sonradan aramızda yaranan anlaşılmazlıqla bağlı qrupdan ayrılmağa qərar verdim. Bu zaman Rəşad pul söhbəti etdi".

R.Qasımovun sözlərinə görə, 2016-cı ilin oktyabr ayında Tahir adlı şəxs ona zəng edib və harada olduğunu soruşub: “Sonra İntizarla əlaqə saxladım və onlarla görüşdük. Orada ən çox danışan Tahir idi. Digərləri də ona “rəis” deyə çağırırdılar. Tahir və digərləri bizdən 4 min manat pul tələb etdilər. Mənim pul verməyə imkanım olmadığını dedim. Bu zaman İntizar "maşınım var, onu qiymətləndirib, götürə bilərsiz" dedi”.

Məhkəmənin növbəti prosesi mayın 18-nə təyin edilib.

İttiham aktına əsasən, V.Bağırov, G.Xəlilov, İ.Həsənov, E.Bağırov, AMəmmədov və Əfsun Quliyev özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olaraq, qrup şəxs halında özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər. Onlar hər yerdə cinayətkar əlaqələrinin və saylarının həddən artıq çox olmalarını deyərək, üzərlərində gəzdirdikləri silahlarla hədə-qorxu gələrək, 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək olan müddət ərzində "Şeron" qrupunun sabiq üzvü "Şadan" qrupunun rəhbəri və solisti İ.Məmmədovla R.Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul vermələrini tələb edib, vaxt qoyublar.

Cinayət materiallarına görə, həmin şəxslər qoyduqları vaxtın artırılması üçün "Lotu Namiq"dən icazə almaq adı ilə 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində İ.Məmmədovla R.Qasımovun hər birindən 500 ABŞ dolları olmaqla ümumilikdə 1000 ABŞ dolları alıblar. Onlar bir qədər sonra isə İ.Məmmədova məxsus "Mercedes Benz S-klas" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatı ilə əvəzləşdiriblər.

Bildirilir ki, bundan başqa, Ə.Quliyev və digərləri 2016-cı ilin noyabr ayının 30-da, saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində R.Qasımovdan 4 min ABŞ dolları məbləğində pul alıblar. Bu il yanvar ayının 6-da isə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Ankara" şadlıq evinin yaxınlığındakı kafedə R.Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə.Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. Onu da əlavə edək ki, Ə.Quliyev DİN-in Baş Mühafizə İdarəsinin (BMİ) Nəsimi Rayon İdarəsində mülki mühafizəçi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi