Yuxarı
    Bağlamaq

    ​Bakıda müəllimi güllələyən şəxs Ali Məhkəməyə müraciət edib

    Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb

    Bakı. 18 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində müəllimi güllələməkdə təqsirləndirilən Elnur Gülü oğlu Xıdırov barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxs və məhkumun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs ilkin qərardan kassasiya şikayəti verib.

    Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

    Qeyd edək ki, hadisə 2015-ci ilin aprel ayında Şüvəlan qəsəbəsində baş verib. Həmin qəsəbədə məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan Bəxtiyar Yaşar oğlu Hüseynov odlu silahla hər iki ayağından güllələnib. Yaralı yaxınları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan B.Hüseynov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

    Cinayəti törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Xıdırov Elnur Gülü oğlu Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlaınıb. O, ifadəsi zamanı B.Hüseynovu onun həyat yoldaşı haqqında təhqiramiz ifadələr işlətdiyinə görə güllələdiyini bildirib.

    Belə ki, saxlanılan E.Xıdırovun həyat yoldaşı B.Hüseynovun ilk arvadı olub. Onlar ayrılandan sonra E.Xıdırov B.Hüseynovun keçmiş həyat yoldaşı ilə ailə qurub. B.Hüseynov qonşuları arasında keçmiş həyat yoldaşı, yəni E.Xıdırovun indiki arvadı barədə xoşagəlməyən ifadələr işlədib. Bu isə sonda onun güllələnməsi ilə nəticələnib.

    E.Xıdırov Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.

    2016-cı il fevral ayının 5-də Xəzər Rayon Məhkəməsinin hökmü ilə E.Xıdırov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi İradə Cavadova apellyasiya şikayəti verib.

    Xatırladaq ki, güllələnən B.Hüseynov orta məktəb müəllimi olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi