Bakıda müəllim işləyən arvadını öldürən şəxs: "O, xoşbəxtliyin nə olduğunu bilmirdi"

Bakıda müəllim işləyən arvadını öldürən şəxs: "O, xoşbəxtliyin nə olduğunu bilmirdi" Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib
Hadisə
9 Mart , 2017 12:34
Bakıda müəllim işləyən arvadını öldürən şəxs: O, xoşbəxtliyin nə olduğunu bilmirdi

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını döyərək öldürməkdə təqsirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Daha sonra zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən şəxsin bacısı mülki iddia ərizəsini məhkəməyə təqdim edib.

Hakim bildirib ki, mülki iddia ilə bağlı nəticə məhkəmənin yekununda açıqlanacaq.

Dövlət ittihamçısı ittiham aktını elan edib. N.Əkbərzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, sərbəst ifadə verərkən aralarında həmişə mübahisə olduğunu söyləyib: "Çox vaxt aramızda söz-söhbətlər var idi. Hadisə günü qayınanam bizə gəlmişdi. Onlar da bilirdi ki, aramızda həmişə mübahisə olurdu. Həmin gün qayınanamla bizdə lağ edirdi. Dilarənin anasına dedim ki, qızının çatışmazlığı var. Sözünü bilmirdi, həmişə söyüş söyürdü. Dilarə mənə "uşaq səndən deyil" dedi. Anasına bu haqda bildirdim".

N.Əkbərzadə ifadəsi zamanı bildirib ki, qayınanası evlərinə gedəndən sonra cinayət hadisəsini törədib: "Dilarə yatırdı, onu yuxudan qaldırıb, "uşaq kimdəndir?" sualı verdim. Bu zaman Dilarəyə taxta ilə 2 dəfə zərbə endirdim. Birini sol əlimlə vurdum. Həmin vaxt övladlarım yatmışdı. Sonra çıxıb polisə getdim və cinayət hadisəsi törətdiyimi söylədim. Onlara ünvanı dedim, sağ olsunlar bizim evə gəldilər. Dilarə həyatdan sönmüş insan idi. O, xoşbəxtliyin nə olduğunu bilmirdi".

Qətlə yetirilən şəxsin qardaşı Əli Hüseynov ifadəsində təqsirləndirilən N.Əkbərzadənin qadınlara qarşı xofu olduğunu vurğulayıb: "Bacım onunla boşanmaq istəyirdi. Hadisənin səhəri polislər zəng edib, Dilarənin qətlə yetirildiyini dedi. Namiq əvvəllər Rusiyada işləyirdi. Orada vəziyyət pisləşən kimi ölkəyə gəldi. Sonradan halı dəyişdi, çünkü Namiqdə kompeks var idi".

Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, N.Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

N.Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmək) maddəsi ilə ittiham olunur.

Əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Məlum olub ki, onların 6 və 9 yaşlarında övladları var. N.Əkbərzadə isə Moskvada ticarətlə məşğul olub.

Son xəbərlər

Orphus sistemi