Bakı. 22 noyabr. REPORT.AZ/ Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub. Bu barədə “Report”a ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Tapılmış əşyalar polisə təhvil verilib. “Təmiz Şəhər” ASC-nin təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələrinə 161 ədəd 7.62 çaplı təlim patronu, 38 ədəd 7.62 çaplı patron, 9 ədəd 5.45 çaplı patron, 2 ədəd radioötürücü, 1 ədəd radioötürücünün cərəyan dolama cihazı, 1 komplekt hərbi durbin, 1 ədəd PDM-2 30 mm-lik mərmisi, 1 ədəd tüfəng qundağı daxildir.
Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.