Yuxarı

​Bakıda məişət avadanlıqları oğurlayan şəxs məhkəmə zalında həbs edilib

Sabunçu Rayon Məhkəməsi ona 5 min manat cərimə kəsib

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən 1993-cü il təvəllüdlü Orxan Telman oğlu Məmmədovun barəsində olan hökmdən Baş Prokurorluq tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Sabunçu Rayon Məhkəməsi O.Məmmədova 5 min manat cərimə kəsib. Lakin Bakı Apellyasiya Məhkəməsi həmin cəriməni 3 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəzləməsi barədə qərar çıxarıb. O, məhkəmə zalında həbs edilib. Baş Prokurorluğun protesti təmin edilib.

Qeyd edək ki, 2015-ci il fevral ayının 15-də saat 12:30 radələrində, Bakı şəhəri Xanlar küçəsində Zaman Əliyevin evindən qapını sındırmaqla 8 min manat dəyərində məişət avadanlıqları oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Məmmədov və Ə.Əzizov saxlanılıb.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə O.Məmmədov 5 min manat məbləğində cərimələnib. Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verərək O.Məmmədovun cəzasının ağırlaşdırılmasını tələb edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi