Bakıda məhkəmənin qarşısında zərərçəkmiş hakimə etiraz edib

Bakıda məhkəmənin qarşısında zərərçəkmiş hakimə etiraz edib Hazırda hadisə yerinə polis əməkdaşları gəlib
Hadisə
6 Sentyabr , 2017 10:42

Bakı. 6 sentaybr. REPORT.AZ/ Bakıda məhkəmənin qarşısında zərərçəkmiş hakimə etiraz edib.

"Report"un məlumatına görə, vətəndaş Sənan İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun çıxardığı məhkəmə qərarına etiraz olaraq məhkəmə binasının qarşısında bir neçə dəqiqə müddətində qışqırıb.

Məhkəmədə zərərçəkmiş qismində iştirak etmiş şəxs hakimin ədalətli qərar çıxarmadığını iddia edib.

Hazırda hadisə yerinə polis əməkdaşları gəlib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatına görə, Bakıda cinayət hadisəsi törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı tutulub. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov dərhal xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi "Vinçester" markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı çıxışında V.Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hökmə əsasən, V.Əhmədov 5 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Orphus sistemi