​Bakıda məhkəmə qohumuna zərər vurmaqda təqsirləndirilən şəxsə bəraət verib

​Bakıda məhkəmə qohumuna zərər vurmaqda təqsirləndirilən şəxsə bəraət verib Təqsirləndirilən şəxsin vəkili Emil Aslanov müdafiə çıxışı edib
Hadisə
27 Aprel , 2016 08:37
​Bakıda məhkəmə qohumuna zərər vurmaqda təqsirləndirilən şəxsə bəraət verib

Bakı. 27 aprel. REPORT.AZ/ Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Eldəniz Aslanovun cinayət işi üzrə məhkəməsi keçirilib.

“Report”un məlumatına görə, hakim Vüqar Həsənovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı zamanı müəyyən edilib ki, zərərçəkmişin ekspert rəyi ilə müəyyən edilmiş sağ almacıq sümüyünün alın çıxıntısının sınığı hadisədən xeyli əvvəl avto-qəza nəticəsində yaranıb. Hadisə zamanı isə şahid ifadələri ilə bir daha təsdiq edilib ki, zərərçəkmişin xəsarəti sol gözünün qızartısı olub.

Sonuncu prosesdə E.Aslanovun vəkili Emil Aslanov müdafiə çıxışı edib.

Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin əməllərində cinayət tərkibinin olmadığını və məhkəmədən ona bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə heyəti təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi olmadığını nəzərə alaraq, ona bəraət hökmü çıxarıb.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2014-cü il yanvar ayının 2-də Binəqədi rayonunda baş verib. Eldəniz Aslanov bacısının əri Faiq Mustafayevlə mübahisə edib. Daha sonra ailə münaqişəsi zəminində o, F.Mustafayevi bıçağın dəstəyi ilə vurub. E.Aslanov bacısının ərinin şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi