Yuxarı

​Bakıda məhbus yoldaşını döyən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsində məhbus yoldaşını döyməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Quliyev Xəyal Arif oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib.

Hadisə bu il 12 saylı Cəzaçəkmə Müəssisəsində baş verib. Xəyal Quliyev idman zalında olarkən məhbus yoldaşı Ələkbər Kasimovu münaqişə zəminində döyüb. X.Quliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, X.Quliyev 2011-ci ildən Cinayət Məcəlləsinin (CM) 181.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məhbusluq həyatı yaşayır. Ə.Kasimov isə 4 ildir ki, həbs olunub. O, CM-in 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi