Bakı. 26 avqust. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın barəsində olan hökmdən zərərçəkmiş tərəfindən apellyasiya şikayəti verilib.
"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 29-na təyin edilib.
İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.
İttiham aktına əsasən, H.Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pulunu ələ keçirib.
Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib.
H.Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə H.Allahverdiyevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gələrək onun barəsində 1 saylı Respublika Psixatiriya Xəstəxanasında məcburi müalicə təyin edilib.