Bakıda məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın baş verib, 7 nəfər zəhərlənib - ƏLAVƏ OLUNUB

Bakıda məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın baş verib, 7 nəfər zəhərlənib - ƏLAVƏ OLUNUB Bakı. 3 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında baş verən yanğınla bağlı məlumat yayıb.
Hadisə
3 Aprel , 2018 15:08

Bakı. 3 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında baş verən yanğınla bağlı məlumat yayıb. 

“Report”un xəbərinə görə, nazirlikdən bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və hazırda fəaliyyət göstərməyən "Gilavar" sanatoriyasının ərazisində məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb. 

Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənən otaqlardan 55 nəfər sakin FHN-nin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub.

Yanğın söndürülüb. 

***

Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada Səidə Səfərovaya aid ev yanıb.

Birinci mərtəbədə baş verən yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. Yanğın zamanı digər evlərə də ziyan dəyib.

Yanğın zamanı ikisi uşaq olmaqla ümumilikdə 7 nəfər tüstüdən yüngül zəhərlənib. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Toksikologiya şöbəsindən “Report”a bildirilib ki, onlar bu gün evə buraxılacaqlar.

Son xəbərlər

Orphus sistemi