Bakıda keçmiş qaynının gözünü çıxarmaqda təqsirləndirlən şəxsin məhkəməsində zərərçəkənin anası ifadə verib

Bakıda keçmiş qaynının gözünü çıxarmaqda təqsirləndirlən şəxsin məhkəməsində zərərçəkənin anası ifadə verib "Mənim balamın gözü geri qayıtmayacaq..."
Hadisə
1 Avqust , 2017 11:04
Bakıda keçmiş qaynının gözünü çıxarmaqda təqsirləndirlən şəxsin məhkəməsində zərərçəkənin anası ifadə verib

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəmsində keçmiş qaynının gözünü çıxararaq öldürməyə cəhddə təqdirləndirilən 1987-ci il təvəllüdlü Səyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda Səbinə Cəbrayılova ifadə verib.

O ifadəsində bildirib ki, təqsirləndirilən şəxs onun keçmiş kürəkəni olub: "Evdəydik. Birdən oğlum qışqırdı ki, "ana, kömək elə". Otağa keçib, işığı yandırdım. Oğlum qan içində idi. Səyyaf otağın pəncərəsindən tullananda onu dəqiqliklə gördüm. Qonşunun evinin işığı onun üzünə düşürdü. O, bizdən qisas almaq istədi. Oğlumun nə günahı var idi? Mənim balamın gözü geri qayıtmayacaq. Analıq haqqımı tələb edirəm. Ona ən ağır cəza verilməsini istəyirəm".

S.Cəbrayılova qeyd edib ki, hadisədən əvvəl S.Həsənov oğlunu həmişə hədələyib: "Qızımla adət-ənənə ilə evlənib. Qızımın öz seçimi idi. Daha sonra qızımı polislə geri qaytardım. Çünkü onlar yola getmirdilər".

Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, S.Həsənov keçmiş qaynı Elnur Cəbrayılovu yaşadığı mənzildə qətlə yetirməyə cəhd etməkdə ittiham edilir. Rəsmi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini E.Cəbrayılovun evinə girib ona üz nahiyəsindən kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Həsənov tutulub.

Hadisə 2016-cı il iyunun 25-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb. Zərərçəkən E.Cəbrayılovun anası Səbinə Cəbrayılova mediaya açıqlamasında deyib ki, qızının keçmiş əri gecə saatlarında evlərinə daxil olaraq oğlunu öldürmək istəyib. Bu zaman bıçaqla onun bir gözünü çıxarıb, o birinə isə xəsarət yetirib. Boğazını kəsmək istəyəndə E.Cəbrayılov qolu ilə ona maneə olub. Səs-küyə ailənin digər üzvləri oyandığı üçün S.Həsənov pəncərədən qaçıb.

S.Həsənov isə istintaqa ifadəsində ittihamı qəbul etmədiyi və hadisə günü Bakıda olmadığını deyib.

Son xəbərlər

Orphus sistemi