Ötən il Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vəfadar Muradov dindirilib.
O, hadisə günü evdə olduğunu bildirib: "Tikintidə fəhlə kimi çalışıram. İşdən gəlmişdim ki, yorğunluğumu çıxarım. Birdən qapım döyüldü və zərərçəkmiş Elbrus Ağalarovu qan içində gördüm. Dedi ki, evimizə hücum ediblər. Onlara gedəndə mərhum Rahil Muradovu qan içində ölmüş vəziyyətdə gördüm. Mən də tez digər qonşulara xəbər verdim. Daha sonra 102 xidmətini yığdım. Rəhmətliklərlə münasibətim yaxşı olub. Onların Nofəllə problemlərinin olduğunu bilirdim".
Məhkəmədə iş üzrə önəmli şahidlərin olduğu qeyd edilib və onların dindirilməsi vacibliyinə toxunulub. Buna görə onların məcburi qaydada prosesə gətirilməsi ilə bağlı qərar qəbul olunub.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, 2022-ci il noyabrın 29-da axşam saatlarında Bakı şəhər sakini Nofəl Səfərov planlaşdırılmış şəkildə silahlanaraq keçmiş qayınatasının yaşadığı ünvana gəlib. O, evin həyətində əvvəlcədən özü ilə gətirdiyi dəyənəklə keçmiş qayınatası, 1939-cu il təvəllüdlü Elbrus Muradovun baş və bədən nayihələrinə 57 zərbə endirib, baş, boğaz və ürək nayihəsinə 14 bıçaq zərbəsi vurmaqla xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra o, evə daxil olarkən keçmiş qayınanası, 1945-ci il təvəllüdlü Şahirə Muradova ilə rastlaşıb. N.Səfərov həmin dəyənəklə qayınanasının bədəninə zərbələr endirdikdən sonra onu da 3 bıçaq zərbəsi ilə öldürüb.
Təqsirləndirilən şəxs bununla yanaşı, evdə yataqda olan şikəst və lal qaynı, 1971-ci il təvəllüdlü Rahil Muradovu da işgəncələrlə qətlə yetirib.
İstintaq materiallarına əsasən, evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan N.Səfərov evi tərk edərkən həyətdə E.Muradovun nəvəsi, 1997-ci il təvəllüdlü Elbrus Ağalarovla rastlaşıb. O, izi itirmək məqsədi ilə E.Ağalarovu da qətlə yetirmək istəsə də, mümkün olmayıb. N.Səfərov E.Ağalarova xəsarət yetirərək hadisə yerindən qaçıb.
Qeyd edək ki, N.Səfərova qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.