Bakıda keçmiş polisi güllələyən vəzifəli şəxsin oğlunun cəzası yüngülləşdirilib

Bakıda keçmiş polisi güllələyən vəzifəli şəxsin oğlunun cəzası yüngülləşdirilib Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
17 Fevral , 2017 16:03
Bakıda keçmiş polisi güllələyən vəzifəli şəxsin oğlunun cəzası yüngülləşdirilib

Bakı. 17 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində keçmiş polis əməkdaşını öldürməkdə təqsirləndirilən Rövşən Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə "Report"a onun vəkili Vasif Mirzəyev məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, R.Həsənovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası 9 il 1 aya endirilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin avqustun 28-də Nizami rayonu, Məhsəti küçəsində yerləşən “Şuşa” restoranında baş verib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü R.Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu tapançadan atəş açmaqla öldürüb. Daha sonra R.Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb.

Bu zaman o, idarə etdiyi maşını Rəşad Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə R.Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Həsənov saxlanılıb. Onun üzərindən “Makarov” tipli tapança götürülüb.

Qətlə yetirilən N.İbrahimov keçmiş polis əməkdaşı olub. Araşdırma zamanı məlum olub ki, R.Həsənov N.İbrahimovu qız üstündə güllələyib.

Ötən il iyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi V.Mirzəyev apellyasiya şikayəti verib.

Xatırladaq ki, R.Həsənov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovun oğludur. Hadisədən sonra Q.Həsənovun vəzifəsindən çıxarılması haqda məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi