Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində öldürməyə cəhd etməkdə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, Ağcəbədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşanıb. O, keçmiş həyat yoldaşından uşaqlarını görmək istədiyini tələb edib.
Daha sonra D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üstündə mübahisə edib. Nəticədə o, N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan D.Təhməzovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.