Bakıda keçmiş baldızını öldürməyə cəhddə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Bakıda keçmiş baldızını öldürməyə cəhddə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
8 Oktyabr , 2018 12:07
Bakıda keçmiş baldızını öldürməyə cəhddə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

D.Təhməzov elan olunmuş ittihamla razılaşmadığını deyib.

O bildirib ki, baldızı Nuranə Fərzəliyevanı öldürmək niyyəti olmayıb: "Həyat yoldaşım məndən 13 yaş balacadır. Mən onu sevib evlənmişəm. Arvadım namaz qılmağa başladı. Çox gözəl yaşadıq. Baldızım Nuranə də bizim qonşuluqda yaşayırdı. Mən qısqanc idim. Bundan istifadə elədilər. Yalandan deyirlər ki, guya mən narkomanam, hər gün içib, arvadımı döyürmüşəm. Amma bir dəfə də belə hadisə olmayıb".

D,Təhməzov arvadınından ayrılmasının səbəbkarı kimi baldızını göstərib: "Bir dəfə "20 Yanvar"da metronun çıxışında dönər sifariş vermişdim. Gördüm ki, yoldaşım bacısı ilə gəlir. Onları izləyib evlərinə qədər getdim. Harada yaşadıqlarını öyrəndim. Sonra yoldaşımı görmək üçün həmin evə getdim. Yenə məni əsəbləşdirdi. Dedim ki, məni bu vəziyyətə siz saldınız. Öldürmək məqsədi ilə getməmişdim".

Məhkəmə iclasında zərərçəkmiş N.Fərzəliyeva da ifadə verib.

O, D.Təhməzovun yalan danışdığını deyir: "Bacımla aralarında sevgi olmayıb. Valideyn razılığı ilə evləniblər. Hər gün də evlərində dava-dalaş olub. Hamısı da qısqanclığa görə. Deyirdi ki, kimsə sənə baxır, niyə filankəsə salam verirsən? Balaca uşağa da salam verəndə söz-söhbət yaradırdı. Məhəllədə hiss elədim ki, kimsə məni izləyir. Arxaya baxdım ki, Dinar gəlir. Yanında da bir nəfər var idi. Sonra evə çatdım. Bir neçə dəqiqə sonra evdən çıxıb marketə getdim. Marketdən çıxanda Dinar qabağımı kəsdi. Dedi ki, burada nə edirsən? Elə bunu deyəndən sonra bıçağı çıxarıb vurmağa başladı. Əvvəlcə bud nahiyələrimə vurdu. Mən yerə yıxıldım. Bədənimə vurduqlarını dəqiq xatırlamıram. Qonşu qapını açanda o qaçdı".

Qeyd edək ki, Ağcəbədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşanıb. O, keçmiş həyat yoldaşından uşaqlarını görmək istədiyini tələb edib.

Daha sonra D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üstündə mübahisə edib. Nəticədə o, N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan D.Təhməzovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi