Bakıda kafedə törədilən cinayətdə ölən şəxsin anası məhkəmədə dindirilib

Bakıda kafedə törədilən cinayətdə ölən şəxsin anası məhkəmədə dindirilib Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib
Hadisə
26 avqust 2017 09:48
Bakıda kafedə törədilən cinayətdə ölən şəxsin anası məhkəmədə dindirilib

Bakı. 26 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dünyasını dəyişmiş Telman Məmmədovun anası şahid qismində ifadə verib.

O bildirib ki, hadisənin səhərisi günü həyat yoldaşı ona zəng edib: "O, Telmanın evdə olub-olmadığını soruşdu. Baxdım ki, Telman evdə deyil. Telefonuna zəng etdim, cavab gəlmədi. Telefonu müstəntiqdə idi. Kimsə dedi ki, avtomobil qəzasına düşüb. İnanmadım, sonra Orxana zəng vurdum. Sonda məlum oldu ki, bu hadisə baş verib".

Şahid oğlunun əvvəllər içki içmədiyini söyləyib: "O, məndən heç vaxt heç nə gizlətmirdi. Telman əvvəllər içki içən deyildi. Bir dəfə ondan bu barədə soruşdum. O da pivə içdiyini dedi. Həmişə Telmana zəng edəndə telefonumu götürürdü. Götürməsə də, sonradan zəng edirdi".

Hakimin suallarını cavablandıran mərhumun dostu Rahil Məlikov bildirib ki, həmin gün Telman Məmmədovla kafeyə gedəndə içkili olub: "Kafedə Telmandan çox mən içmişdim. Hadisədən sonra mənim nənəmgilə getdik. Telmanın özü mənimlə getmək istədi. Evə çatanda onun burnundan qan damcıları gəlirdi. Telmanın yaralı olduğunu nənəm gördü. Evə çatan kimi də yatdıq. Səhərə yaxın Telmanın rəhmətə getdiyini bildim".

Hakim isə R.Məlikovdan soruşub ki, niyə Telman Məmmədovu evlərinə deyil, nənənin evinə apardın: "Sən gördün ki, o, yaralıdır. Buna görə də atasına zəng edərdin. Deyərdin ki, "oğlun yaralıdır, gəl apar". Niyə etmədin bunu?"

R.Məlikov isə T.Məmmədovun maşında qışqırdığını, evlərinə getmək istəmədiyini söyləyib.

T.Məmmədovun anası sonda ifadəsində qeyd edib ki, oğlunun qanının batmasını istəmir: "Həqiqət üzə çıxsın. Fərhad gördü ki, hadisədən sonra hər ikisi içkilidir. Niyə onları buraxdı? Özü zorla həkimə aparardı".

Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il mart ayının 26-da gecə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə T.Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, "Do Re Mi" kafesinin inzibatçısı - Bakı şəhər sakini F.Musayevlə mübahisə edib.

İnzibatçı F.Musayev aralarında baş verən münaqişə zəminində T.Məmmədovu yumruqla vurub və o, başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən F.Musayev onun dostu ilə birgə T.Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.

Məlumata görə, həmin gün gecə klubunda müğənnilərdən birinin konsert proqramı olub. Mərhum T.Məmmədov isə dostları ilə həmin partidə iştrak edib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı F.Musayevi saxlayıblar.

Son xəbərlər

Orphus sistemi