Bakıda kafedə cinayət törətməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı yenilənib

Bakıda kafedə cinayət törətməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı yenilənib Məhkəmədə ötən iclaslarda ifadə verən şəxslər yenidən dindirilib
Hadisə
20 Oktyabr , 2017 17:08
Bakıda kafedə cinayət törətməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı yenilənib
Report

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə istintaqının yeniləndiyi elan edilib.

Məhkəmədə ötən iclaslarda ifadə verən şəxslər yenidən dindirilib.  

Şahid qismində dindirilən Rahil Məlikov bildirib ki, mərhum Telman Məmmədovla gecə klubuna birlikdə gedib.

Məhkəmədə mərhum T.Məmmədovun atası Oktay Məmmədov şahiddən soruşub ki, oğlunun əynində olan paltarların dəyişdirilməsinin səbəbi nə olub.

R.Məlikov isə qeyd edib ki, T.Məmmədovun paltarları yaş olduğu üçün əynindən çıxarıb: "Telmanın burnundan qan gələndə tualetdə əl-üzünü yuduq. Bu zaman paltarları yaş oldu. Mən də onun pencəyini çıxardım və öz gödəkçəmi geyindirdim. Daha sonra onunla birgə nənəmgilə getdik".

O.Məmmədov deyib ki, oğlu T.Məmmədovun paltarlarının çıxarılmasında məqsəd izi itirmək olub.

Məhkəmədə məlum olub ki, gecə klubundakı davadan sonra T.Məmmədovun bəzi paltarları yoxa çıxıb. Onun ayaqqabısının bir tayı, gödəkçəsi və əynində olan köynəyi istintaq orqanı tərəfindən müəyyən edilməyib.

R.Məlikov dostu T.Məmmədovu taksiyə mindirən zaman əynində paltarlarının olduğunu söyləyib: "Telmanın sadəcə köynəyini dəyişmişdim".

R.Məlikov bildirib ki, təqsirləndirilən F.Musayev dostu T.Məmmədova bir zərbə vurub və o, arxası üstə yerə yıxılıb.

Prosesdə R.Məlikovun nənəsi Rəna Qafarova da ifadə verib. O qeyd edib ki, nəvəsi ilə T.Məmmədov gecə saatlarında onlara gəlib: "Rahil Telmanın yumruqla vurulduğunu dedi. Onu yatağa uzatdıq, üstünü örtük. Onun halı yaxşı deyildi. Səhər Telmanın keçindiyini gördük".

Hakim bildirib ki, T.Məmmədovun aldığı xəsarətlər və zərərçəkmiş tərəfin şübhəli qaldığı məqamları araşdırmaq üçün ekspert növbəti məhkəmə iclasına dəvət ediləcək.

Məhkəmənin növbəti prosesi oktyabrın 27-nə təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında F.Musayevin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu il mart ayının 26-da gecə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə T.Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, "Do Re Mi" kafesinin inzibatçısı - Bakı şəhər sakini F.Musayevlə mübahisə edib.

İnzibatçı F.Musayev aralarında baş verən münaqişə zəminində T.Məmmədovu yumruqla vurub və o başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən F.Musayev onun dostu ilə birgə T.Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.

Məlumata görə, həmin gün gecə klubunda müğənnilərdən birinin konsert proqramı olub. Mərhum T.Məmmədov isə dostları ilə həmin partidə iştrak edib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı F.Musayevi saxlayıblar.

Son xəbərlər

Orphus sistemi