Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Musayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, F.Musayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə ötən il mart ayının 26-da gecə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə T.Məmmədov paytaxtın Nəsimi rayonu, Bülbül prospektindəki "Do Re Mi" kafesinin inzibatçısı - Bakı şəhər sakini F.Musayevlə mübahisə edib.
İnzibatçı F.Musayev aralarında baş verən münaqişə zəminində T.Məmmədovu yumruqla vurub və o, başından ağır xəsarət alıb. Vəziyyətinin ağır olduğunu görən F.Musayev onun dostu ilə birgə T.Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.
Məlumata görə, həmin gün gecə klubunda müğənnilərdən birinin konsert proqramı olub. Mərhum T.Məmmədov isə dostları ilə həmin partidə iştrak edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı F.Musayevi saxlayıblar.
O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.