Bakıda işlədiyi şirkətdən pul mənimsəyən qadın və digərlərinin məhkəməsi başlayıb

Bakıda işlədiyi şirkətdən pul mənimsəyən qadın və digərlərinin məhkəməsi başlayıb Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinin 134 min manat pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, Tural Quliyev və Asif Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
9 Mart , 2018 12:31
Bakıda işlədiyi şirkətdən pul mənimsəyən qadın və digərlərinin məhkəməsi başlayıb

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinin 134 min manat pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, Tural Quliyev və Asif Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Elan olunmuş ittiham üzrə S.Məmmədova və digərləri özünü qismən təqsirli bildiyini deyib.

S.Məmmədova hazırkı mərhələdə ifadə vermək istəmədiyini söyləyib.

T.Quliyev ifadə verən zaman bildirib ki, S.Məmmədovanı bir ilə yaxındır tanıyır: "İşlədiyim şirkətdə kassada 50 min manat kəsir vardı. Torpağımı satmaq istəyirdim". O, qadına mərc oyunlarına pul qoymağı məsləhət görüb, amma uduzduğunu deyib: "Topaza qoyulan pul da alınmadı. Şirkətdən çıxış vaxtını dedi. Dostum Asiflə getdik. Səidə xanım çıxıb taksiyə minəndə çantasını apardıq. Çantada 53 min manat olub".

Məhkəmə təqsirləndirilən T.Quliyevin "Niva" markalı avtomobilinə həbs qoyub.

Daha sonra təqsirləndirilən A.Abdullayev ifadə verib. O deyib ki, S.Məmmədovun şirkətdə kəsiri olduğunu T.Quliyev deyib: "Söylədi ki, Səidə torpağını satmaq istəyir. Amma bu məsələ alınmadı. Sonra Tural Səidəyə kömək etmək lazım olduğunu dedi, o, ağır vəziyyətdədi, özünü öldürmək istəyir".

Məhkəmənin növbəti iclası martın 17-nə təyin edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub.

DİN-in Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupunun əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri - Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı qeydə alınan soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən S.Məmmədova olduğu məlum olub.

Araşdırma zamanı məlum olub ki, S.Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı, dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib.

T.Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. T.Quliyev S.Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da o, həmin pulu da uduzub.

Bundan sonra S.Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar.

Belə ki, S.Məmmədova əvvəlcədən T.Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb. Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birklikdə sonuncuya məxsus “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib.

Plana görə S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib.

Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub.

Məhkəmə istintaq dövründə həmin şəxslər ev dustaqlığına buraxılıb.

S.Məmmədova və digərləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

İttiham aktına əsasən, onlar şirkətin 68 min 603 manat pulunu mənimsəyiblər. Təqsirləndirilən şəxslər zərəri ödəyiblər.

Son xəbərlər

Orphus sistemi