Bakıda işdən qovulduğuna görə şirkət menecerini öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda işdən qovulduğuna görə şirkət menecerini öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
27 Oktyabr , 2016 08:49
Bakıda işdən qovulduğuna görə şirkət menecerini öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində tanınmış mağazanın menecerini öldürməkdə təqsirləndirilən Paşa İsmayıl oğlu Qələndərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, P.Qələndərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qətl hadisəsi 2015-ci il dekabr ayının 21-də Nizami rayonu Keşlə qəsəbəsində baş verib. "28 Mall" Ticarət Mərkəzində yerləşən "Next" mağazasının meneceri Vüsal Ələkbər oğlu Xəlilov evində 27 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub. Cinayət onların gözü önündə törədilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü P.Qələndərov saxlanıb. Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub. V.Xəlilov P.Qələndərovu işdən çıxarıb. Rəhbərinin bu hərəkətinə görə, o, V.Xəlilovdan qisas almaq qərarına gəlib.

P.Qələndərov 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Qələndərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi