​Bakıda iki qardaşı qətlə yetirmiş şəxsin məhkəməsi keçirilib

​Bakıda iki qardaşı qətlə yetirmiş şəxsin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib
Hadisə
16 Noyabr , 2015 18:41
​Bakıda iki qardaşı qətlə yetirmiş şəxsin məhkəməsi keçirilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report" xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə şahidlər Emin Verdiyev, Nahid Hacıyev, Elşad Abdullayev və Samir Aslanov ifadə verib.

E.Verdiyev hadisə haqda danışıb: "Dostum Zaurla eyni qəsəbədə yaşayırıq. O, avto qəzaya düşdüyü üçün bir neçə yerindən zədə almışdı. Hadisədən əvvəl Zaur mənə dedi ki, Cavid mənim yoldaşıma SMS göndərib. Onu bu işlərdən uzaq olmasını başa saldım. Bundan sonra onların söhbətə getdiyini eşitdim. Hadisə yerinə mən, Elmar, Nahid, sonradan Anarla Zamiq gedəndə Cavid Zaurun ünvanına nəlayiq sözlər işlədirdi. Onları ayıranda Zaur bizə dedi ki, Cavidi bıçaqla vurdum. Hər ikisini araladıq. Səhərisi günü Zaur yoldaşı Xanımla rayona yas mərasiminə getdilər. Cavid və qardaşı Cahid məndən Zaurun yerini öyrənmək istəyirdi. Onlar məni qəsəbə qəbirsanlığına aparıb ölümlə təhdid etdi. Mən Zaurun yerini söyləmədim. Sonra da eşitdim ki, qardaşlar söhbət etmək üçün Zauru çayxanadan aparıblar. Ölüm hadisəsi də bundan sonra baş verdib".

Z.Tərlanovun qayını S.Aslanov ifadəsində bildirib ki, mərhum C.Rəhimovda əvvəllər silah olub: "Zaur bacım Xanımla qeyri-rəsmi nigahda yaşayır. Zaur əvvəllər evli olub və əvvəlki həyat yoldaşından 3 uşağı da var. Bacımla Zaur birgə işlədikləri bankda tanış olublar. Sentyabr ayında işdən evə gedərkən Cavid mənim maşınla qabağımı kəsib söhbətə çağırdı. O, Zauru təhqir edir, onun ailəsinə söyüşlər söyürdü. Caviddə silah olduğunu görmüşdüm. Mənə hədə-qorxu gəlirdi. Qorxduğum üçün polisə məlumat vermədim. Təxminən 2 həftədən sonra bu haqda Zaura danışdım. Hadisə anını isə görməmişəm".

Bundan sonra Cavid və Cahid Rəhimov qardaşlarının anası dindirilən şəxslərə narazıçılığını bildirib, məhkəmədə düzgün ifadə vermədiklərini deyib: "Mənim evim yıxıldı, yurdum boş qaldı, həyatım puç oldu. Bunlar düzgün danışmır. Oğlumda heç bir silah yox idi".

Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Qaradağ rayonu Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb. Cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi