Yuxarı
    Bağlamaq

    Bakıda iki qardaşı bıçaqlayan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

    Məhkəmənin baxış iclası iyunun 10-na təyin edilib

    Bakı. 28 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İbrahim Dadaşovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

    "Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası iyunun 10-na təyin edilib.

    Qeyd edək ki, qətl hadisəsi ötən ilin avqustunda Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsində yerləşən 8 saylı yaşayış binasının qarşısında baş verib. Həmin ünvanda 1985-ci il təvəllüdlü Elşən Şakir oğlu İsrafilov və onun qardaşı, 1987-ci il təvəllüdlü Elcan Şakir oğlu İsrafilov bıçaqlanıb. Xəsarət alan hər iki qardaş 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanaya çatdırılıb və orada onlara tibbi yardım göstərilib. Ancaq E.İsrafilovun həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən həmin şəxslərin qonşusu, 1991-ci il təvəllüdlü İ.Dadaşov Suraxanı Rayon Polis İdarəsinə gələrək təslim olub.

    İstintaq zamanı məlum olub ki, qonşular arasında mübahisə İ.Dadaşovun başladığı voleybol oyunu üstündə olub. E.İsrafilov ailəsinin rahatlığını pozan səs-küyə görə narazılığını bildirib. Bu sözlər İ.Dadaşovun xoşuna gəlməyib, onlar arasında mübahisə başlayıb. Nəticədə İ.Dadaşov bıçağa əl atıb.

    O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Dadaşov 19 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi