Bakıda İraq vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən qadın məhkəmədə dindirilib

Bakıda İraq vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən qadın məhkəmədə dindirilib Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova, Çinarə Bəhlulzadə və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
12 Yanvar , 2018 12:08
Bakıda İraq vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən qadın məhkəmədə dindirilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova, Çinarə Bəhlulzadə və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ç.Bəhlulzadə ifadə verib.

O bildirib ki, 2016-cı ilin dekabr ayının əvvəlində qeyri-rəsmi nikah münasibətlərində yaşadığı qadınla Rusiyaya getməli idi: "Evdən çıxdım, lakin o, məni aparmadı. Mən də evə getmədim, Elvira ilə danışdım ki, onlarda qalım. O, mənə anasının onlarda qalmasına razı olmadığını söylədi. Bakıda qalmağım üçün ev tutduq. Bir qədər keçəndən sonra Elvira məni dostunun ad gününə apardı, gecə klubuna. Orada Fəqan mənimlə tanış oldu, onun nömrəsini götürdüm, bir müddət danışdıq. Gecə klubunda zərərçəkmiş Biyar Cumaah Shaikani mənimlə tanış oldu. Əvvəl ona "yox" dedim. Sonra onun evinə getdim və həmin şəxsə yalan danışdım. Dedim ki, maqisturaturada oxuyuram. Mənə 200 manat pul verdi, qaldığım evin kirayə pulunu verməli idim. Biyardan yenə pul istəyəndə vermədi, mənimlə onun evində yaşamağımı istədi. Razı olmadım, çıxıb gedib Elvira ilə görüşdüm. Kamranı taksi sürücüsü kimi tanımışam. Kafedə oturanda Elviraya danışdım. Bu zaman Fəqan eşitdi, məndən həmin şəxsin kim olduğunu soruşdu. Telefonumda Biyarla yazışmaları oxudu. Sonra bizi kafedən apardı, yenidən bu barədə soruşdu. 2017-ci ilin yanvar ayının 11-də Fəqan tanışlarını bir yerə yığdı və məndən Biyarın ünvanını soruşdu. O məni inandırdı ki, sadəcə Biyarla söhbət edəcək".

Ç.Bəhlulzadə qeyd edib ki, Fəqan Abdullayev və onun tanışları ilə birgə İraq vətəndaşının qaldığı evə gediblər: "Mən Biyarla danışdım, amma Fəqan məni yuxarı qalxmağa icazə vermədi. And içdi ki, Biyara heç nə etməyəcək. Mən və Elvira razılaşmadım. Fəqan məni təhdit edib, qoluma vurdu. Sonra Elvira razı olub onlarla getdi. Maşında Kamranla qaldıq, sonra o da yuxarı qalxdı. Bir qədər keçəndən sonra Kamrala Elvira qaça-qaça maşına gəldi. Elvira ağlayırdı. Sonra Anar, Nurlan Fəqan da maşına gəldi, biz başqa evə getdik. Fəqan çantadan 4 bahalı telefon və planşet çıxartdı. Mən onların evdən pul götürdüklərini isə bilmədim. Dedi ki, Biyarı vurmaq istəyən zaman bunları verdi. Biz qorxumuzdan Gəncəyə getdik. Fəqan Kamranla Bakıya qayıtdı, bizi də evdən çıxardılar. Sonra eşitdik ki, Kamranı tutublar. Biz də Hacıqabula getdik, lakin getdiyimiz yerdə yas mərasimi var idi, qalmağa yer olmadı".

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Bakıya qayıdandan sonra kafedə hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər: "İfadə verən zaman mənə dedilər ki, evdən 7 min manat pul oğurlanıb, amma bundan xəbərsiz idim".

Ç.Bəhlulzadənin sözlərinə görə, istintaq dövründə təziqlərlə üzləşib: "Mən sadəcə ağ vərəqə qol çəkmişəm. Orada məni döyüb, məcburi qol çəkdirdilər. Bu barədə rəsmi qurumlara müraciət də etmişəm".

Daha sonra digər təqsirləndirilən Elvira Ələsgərova dindirilib. O söyləyib ki, Ç.Bəhlulzadəni 2013-cü ildən tanıyıb, lakin münasibətləri o qədər də yaxşı olmayıb. E.Ələsgərova hadisə barədə danışan zaman bildirib ki, F.Abdullayev İraq vətəndaşının qaldığı evinin qapısını döymək üçün ondan istəyib. O, F.Abdullayev və digərlərinin Biyar Cumaah Shaikaninin evindən telefon və planşet götürdüyünü deyib.

Qeyd edək ki, quldurluq hadisəsi ötən il yanvarın 13-də Bakıda baş verib. Belə ki, Bakıda universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflər arasında narazılıq yaranıb və C.Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Zəngilan rayon sakini Ç.Bəhlulzadə, Bakı şəhər sakinləri - A.Kərimov, E.Ələsgərova, F.Abdullayev, N.Məmmədov və K.Vahabov tutulub.

Daha sonra onların barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi