Bakıda İngiltərə vətəndaşının pulqabısını oğurlayan şəxslərə hökm oxunub

Bakıda İngiltərə vətəndaşının pulqabısını oğurlayan şəxslərə hökm oxunub Onların ittiham olunduğu soyğunçuluq maddəsi oğurluq maddəsinə tövsif edilib
Hadisə
23 Oktyabr , 2017 11:32
Bakıda İngiltərə vətəndaşının pulqabısını oğurlayan şəxslərə hökm oxunub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniya vətəndaşına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Emin Mustafayev və Nicat Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə onların ittiham olunduğu soyğunçuluq maddəsi oğurluq maddəsinə tövsif edilib. E.Məmmədov və N.Hacıyevin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, bu il aprel ayının 30-da gecə saatlarında paytaxtın Səbail rayonu ərazisindəki Sahil bağında iki nəfər naməlum şəxs İngiltərə vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıblar. Bu zaman Səbail Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin hadisə yerinin yaxınlığında xidmət aparan əməkdaşları soyğunçuluq cinayətini törədərək qaçmağa cəhd edən Bakı şəhər sakini E.Mustafayev və Beyləqan rayon sakini N.Hacıyev yaxalanıb.

Saxlanılan şəxslərin sözlərinə görə, onlar həmin şəxsin sərxoş olmasını görüb onu izləməyə başlayıblar. Bundan sonra isə cinayəti törədiblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi