Paytaxtın Nərimanov rayonu Ceyhun Hacıbəyli 24 ünvanında yerləşən hündürmərtəbəli binanın sütunlarının kəsilməsi barədə sosial şəbəkədə videogörüntülər yayılıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları məsələnin araşdırılması ilə bağlı həmin ünvanda reyd keçirib.
Dövlət Agentliyinin nümayəndəsi Bəxtiyar Tağıyev jurnalistlərə açıqlamasında bildirib ki, binanın sütunlarının sökülməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, binanın -1 və -2 zirzəmilərində cəmi 5 oxlararası hissədə sütunlarla arasında layihə ilə nəzərdə tutulmuş dəmir-beton monolit divarlarının boşluqlarının kənarları genişləndirilib:
"2005-ci ildə tikilən bina 10 ildir ki istismara verilib. Cəmi beş yerdə kəsinti işləri aparılıb. Bu işlərin hamısı da binada yaşayan şəxslərin özləri tərəfindən edilib. Əməkdaşlarımızın apardığı araşdırmalardan belə qənaətə gəlmişik ki, bu işlərin aparılmasında məqsəd zirzəmi istifadəçilərinin öz nəqliyyat vasitələrini avtomobil dayanacağı üçün nəzərdə tutulan hissədə rahat parklanmasını təmin etməkdir. Burada yad şəxslər tərəfindən sütunların sökülməsi məsələsindən söhbət gedə bilməz".







