Yuxarı

​Bakıda həmyerlisini döyərək öldürən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı. 2 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Babək Sədiyev barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. B.Sədiyevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsində baş verib. Paytaxt sakini B.Sədiyev münaqişə zəminində həmyerlisi, 26 yaşlı Abbasqulu Hacıyevi döyüb. Yaralı ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə gətirilib. Həkimlərin səyinə baxmayaraq, A.Hacıyevin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən B.Sədiyev isə hadisədən sonra qaçaraq gizlənib. Daha sonra o, tutularaq istintaqa cəlb olunub.

B.Sədiyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Sədiyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi