​Bakıda həmyaşıdını bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda həmyaşıdını bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası mayın 4-nə təyin edilib
Hadisə
28 Aprel , 2016 10:27
​Bakıda həmyaşıdını bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 28 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Xəqani Ağaisa oğlu Günəşov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 4-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il oktyabr ayının 14-də günorta saatlarında Bakı şəhərinin A.Qurban küçəsində baş verib. Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü X.Günəşov həmyaşıdı Kamil Məmmədova bıçaqla ağır bədən xəsarəti yetirib. Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) və 37-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Günəşov tutulub.

O, Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.

Bu il fevral ayının 19-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Günəşov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi