Bakıda həkimə qarşı dələduzluq edən şəxs: "Çingiz Abdullayevin mənimlə bağlı kitab yazmasını istəyirəm"

Bakıda həkimə qarşı dələduzluq edən şəxs: "Çingiz Abdullayevin mənimlə bağlı kitab yazmasını istəyirəm" Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin edilib
Hadisə
2 Noyabr , 2016 15:28
Bakıda həkimə qarşı dələduzluq edən şəxs: Çingiz Abdullayevin mənimlə bağlı kitab yazmasını istəyirəm

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1978-ci il təvəllüdlü Alim İbrahimov və 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Adil Həsənov ifadə verib.

O bildirib ki, bina tikintisi ilə bağlı T.Comərdova pul verib: "Bina tikintisi zamanı dedilər ki, Vergilər Nazirliyi ilə danışmaq üçün tanış adam tapmaq lazımdır. Qaynım Tərlanı tanıdığını bildirdi. Alim və Tərlanla görüşdük. Tərlan işi həll edəcəyinə söz verdi. Alimə 49 min manat və 2 min avro pul vermişəm. Onlar hissə-hissə məndən ümumilikdə 127 min manat pul alıblar".

A.İbrahimov isə A.Həsənovla görüşdüyünü təsdiqləyib, lakin həmin şəxsdən pul almadığını söyləyib.

Daha sonra digər zərərçəkniş Fikrət İbrahimov dindirilib. O, ifadəsində A.İbrahimovun 120 ton armatoru ona 94 min manata verdiyini bildirib: "Mənə armatoru başqa adam üçün aldığını dedi. Həmin pullardan hazırda 28 min manat verəcəyi var. Pulun qalan hissəsini isə qaytarıb".

A.İbrahimov da zərərçəkmişin düzgün danışdığını və həmin şəxsi aldatdığını vurğulayıb: "Armatoru Fikrət müəllimdən alıb, 20 manat bahasına Elsevər Səmidova satdım. Lakin Elsever yoxa çıxdı və pulumu qaytarmadı. Onu məhkəməyə verdim. Məhkəmə də bununla bağlı qətnamə çıxardı".

Məhkəmə prosesində A.İbrahimov bildirib ki, yazıçı Çingiz Abdullayevin onun tutduğu əməllə bağlı kitab yazmasını istəyir.

Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.

Zərərçəkmiş F.Qasımov "Baku Medical Plaza" klinikasında həkim işləyir.

T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün daha əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi