Bakıda həbs edilən Gürcüstan vətəndaşlarının məhkəməsi başlayıb

Bakıda həbs edilən Gürcüstan vətəndaşlarının məhkəməsi başlayıb Məhkəmənin baxış iclası sentyabrın 15-nə təyin edilib
Hadisə
9 Sentyabr , 2016 16:18
Bakıda həbs edilən Gürcüstan vətəndaşlarının məhkəməsi başlayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşları Arçil Darsalia, Lekso Mosidze, Müşfiq Piriyev, Zakir Bayramov və Azərbaycan vətəndaşı Hüseyn Ramazanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin bu il fevral ayında yaydığı məlumata görə, Bakı şəhərində 10-a yaxın mağaza və mənzildən oğurluq edən Azərbaycan və Gürcüstan Respublikası vətəndaşlarından ibarət 5 nəfərlik mütəşəkkil dəstə zərərsizləşdirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əvvəllər məhkum olunmuş şəxslər – Gürcüstan vətəndaşları A.Darsalia, L.Mosidze, M.Piriyev, Z.Bayramov və Azərbaycan vətəndaşı H.Ramazanov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşları təxminən iki ay əvvəl H.Ramazanovun dəvəti ilə Azərbaycan sərhədini qanunsuz yolla keçərək Bakı şəhərinə gəliblər. Onlar burada cinayətkar dəstə yaradaraq müxtəlif vaxtlarda paytaxtın bir-neçə rayonunda oğurluq cinayətləri törədiblər. Dəstə üzvlərindən ikisi - A.Darsalia, L.Mosidze Gürcüstan Respublikasında ağır cinayətlər törətdiklərinə görə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarışda olublar. Saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi