Yuxarı

​Bakıda hamilə qadına əzab verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin hazırlıq iclası aprelin 22-nə qədər təxirə salınıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadına əzab verməkdə, zorlamaqda, quldurluqda təqsirləndirilən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə R.Mehdiyevin ehtiyatda olan baş leytenant olduğu açıqlanıb. O, vaxtilə barəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi açıldığını və 1 il müddətinə şərti cəza aldığı deyib.

R.Mehdiyev vəkilinin olduğunu, lakin onun gələn prosesdə iştirak edəcəyini bildirib.

Buna görə də məhkəmənin hazırlıq iclası aprelin 22-dək təxirə salınıb.

Qeyd edək ki, ötən il Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi nikahda yaşadığı R.Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə, Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin vaxt A.Mansurova hamilə olub.

Araşdırma zamanı məlum olub ki, cinayət əməli Cinayət Məcəlləsinin 130-cu (zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma) 133.2.2-ci (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6 (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 180-ci (quldurluq) maddələrinə tövsif edilmiş və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi