Bakıda hakimin oğlunu avtomobillə vuran şəxsin məhkəməsində şahidlər ifadə verib

Bakıda hakimin oğlunu avtomobillə vuran şəxsin məhkəməsində şahidlər ifadə verib ""Sönmüşdüm", amma narkotik maddədən istifadə etməmişdim..."
Hadisə
29 Noyabr , 2016 12:02
Bakıda hakimin oğlunu avtomobillə vuran şəxsin məhkəməsində şahidlər ifadə verib

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimov vəkillərindən birinin - Adil Ağayevin prosesdə olmadığını deyib.

O, buna görə məhkəmənin keçirilməsinə etiraz edib.

Hakim bildirib ki, qanunvericilik digər vəkilin iştirakı ilə iclası davam etdirməyə icazə verir.

Daha sonra Nəsimi Rayon Mühafizə Xidmətinin əməkdaşı Şakir Quliyev şahid qismində ifadə verib. O, hadisə zamanı təxminən 200 metr aralıda olduğunu bildirib. Şahid qəza zamanı səs eşitdiyini söyləyib: "Hadisə zamanı tüstüdən heç nə görmədim. Bir nəfər maşının qabağında idi. Ondan nə baş verdiyini soruşdum. Həmin şəxs də əli ilə maşını göstərdi. Maşının qabağından Rüfəti dartıb çıxardım, təcili yardıma zəng etdim. Onun ayaqları sınmışdı, daxili qanaxması var idi. Daha sonra əraziyə polis gəldi və Rəhim sürücü olduğunu bildirdi. Yolda hərəkətdə olarkən oradan sürətli maşının keçdiyini görmədim".

Şahid qismində Rauf Şükürlü dindirilərkən hadisə zamanı qəza törədilən avtomobilin içində olduğunu deyib. O, təqsirləndirilən R.Kərimovu uşaqlıqdan tanıdığını deyib: "Həmin gün Rəhimlə görüşüb, Nərimanov metrosunun yanına getdik. Orada dostumuz Muxtarı götürdük, sonra da Musa gəldi. Daha sonra Muxtarı evə apardıq. Hadisə olanda mən öndə - sağda oturmuşdum. Düzdür, "sönmüşdüm", amma narkotik maddədən istifadə etməmişdim. Qışqırıq olanda gözlərimi açdım, şokdan ayıldım. Zərərçəkmişə heç bir kömək etmədik, ora-bura gəzirdim. Musa həmin şəxsi yerdə qucaqlamışdı, Rəhim isə sınmış əlini tutub dayanmışdı".

Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Bundan başqa, E.Allahverdiyev hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.

Son xəbərlər

Orphus sistemi