Yuxarı

Bakıda ərini tanışı ilə birgə öldürən qadının məhkəməsi keçirilib

Kamera görüntülərindən sonra məlum oldu ki, qardaşımı Sədi ilə onun arvadı öldürüb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxs S.Məmmədov ifadə verib.

O, qətli törətdiyini etiraf edib.

Daha sonra məhkəmə iclası jurnalistlərin iştirakı ilə davam etdirilib. Prosesdə qətlə yetirilən şəxsin qardaşı, hüquqi varis Elçin Mahmudov ifadə verib.

O bildirib ki, hadisənin üstünü özü açıb: "Kamera görüntülərindən sonra məlum oldu ki, qardaşımı Sədi ilə onun arvadı öldürüb".

Proses sentyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 26-da Yasamal rayonunda baş verib. Paytaxt sakini L.Mahmudova Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib. Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və onun tanışı S.Məmmədov tərəfindən törədildiyini aşkara çıxarılıb. Hər 2 şəxs saxlanılaraq ifadələri alınıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, sentyabrın 26-da gecə saatlarında S.Məmmədov L.Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış.

L.Mahmudova ilə əvvəlcədən plan quran S.Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış K.Mahmudovun baş nahiyyəsindən 3 dəfə atəş açaraq onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək bağlamalara yığıblar. Sonra həmin bağlamalarla S.Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyiti İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.

Xatırladaq ki, L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi